A Seriyası: Superkompüter yeni mövsümün favoritini açıqladı

“Opta Sports” dərgisinin superkompüteri İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün qalibini təxmin edib.

Arena.az məlumat verir ki, təxminlərə əsasən, 2024/2025-ci illər mövsümündə skudettonu qazanmağa əsas namizəd “İnter”dir.

Ötən mövsüm 20-ci çempionluğunu qazanmış Simone İnzaqinin komandası heyətin əsasını qoruyub saxlayıb və Pyotr Zelinski, Mehdi Taremi kimi təcrübəli futbolçularla güclənib.

“Dəmir parçası” “neradzurri”nin çempionluğunu 79,2% olaraq görür.

Müqayisə üçün, “Atalanta”, “Yuventus” və “Milan”ın qələbə imkanları xeyli aşağıdır.

Ötən mövsüm Avropa Liqasını qazanmış “Atalanta”nın tarixində ilk A Seriyasını qazanmaq imkanını superkompüter 11,2% olaraq qiymətləndirir. Baş məşqçi dəyişikliyi etmiş və eyni zamanda heyətini gücləndirmiş “Yuventus”un bütün bunlara rəğmən çempionluq imkanını superkompüter çox aşağı – 4,2% olaraq görür.

“Milan” isə 1,8% olaraq çempionluq imkanına malikdir.

Bundan əlavə, superkompüter “Venesiya”, “Kalyari” və “Komo” kimi klubların yüksək divizionda yaşamaq üçün mübarizə aparmalı olacağını təxmin edib. Bu komandaların aşağı liqaya düşmə ehtimalı müvafiq olaraq 44,7%, 46,3% və 49% təşkil edir.