Argentinanın “Boka Xuniors” klubunun mərkəz müdafiəçisi Aaron Anselmino İngiltərə nəhəngi “Çelsi”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Zadəganlar” bu transfer üçün Argentina klubuna 16,5 milyon avro ödəyiblər. 19 yaşlı futbolçu London təmsilçisi ilə 7 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. Lakin Anselmino qarşıdakı mövsümü “Çelsi”də keçirməyəcək. Belə ki, İngiltərə klubu gənc oyunçunun 2025-ci ilin yayına kimi “Boka Xuniors”da icarədə oynamasına qərar verib.
Aaron Anselmino “Boka Xuniors”un öz yetirməsidir. O, bu klubun əsas komandasında 10 oyuna çıxıb, 1 qola imza atıb.
Anselminonu transfer edən “Çelsi” daha üç gənc oyunçusunu icarəyə verib. Andrey Santos “Strasburq”a, Qabriel Slonina “Barnsli”yə, Alfi Gilkrist isə “Şeffild Yunayted”ə keçib.
“Çelsi”nin öz yetirməsi olan Alfi Gilkrist London klubunun əsas komandasında 17 oyun keçirib. 20 yaşlı sağ cinah müdafiəçisi bu oyunlarda 1 qol da vurub.
Amerika Birləşmiş Ştatlarından olan Qabriel Slonina “Çikaqo”nun yetirməsidir. “Çelsi” onu 2022-ci ilin avqustunda 9,09 milyon avroya məhz ABŞ klubundan transfer edib. 20 yaşlı qolkiperə “zadəganlar”ın əsas komandasında debüt qismət olmayıb. O, ötən mövsümü Belçikanın “Eupen” klubunda icarədə keçirib. Birləşmiş Ştatların müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Slonina, ötən il əsas millidə də debüt edib.
Andrey Santos isə Braziliyanın “Vasko da Qama” klubunun yetirməsidir. “Çelsi” braziliyalı yarımmüdafiəçini 2023-cü ilin yanvarında “Vasko da Qama”dan 12,5 milyona alıb. 20 yaşlı futbolçu ötən mövsümü “Nottingem Forest”də icarədə keçirib. Braziliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış yarımmüdafiəçi, 2023-cü ilin martında əsas millidə də debüt edib.


