Bir neçə gün öncə İtaliyanın “Yuventus” klubundan ayrılan Aaron Remzi özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, uelsli yarımmüdafiəçi bundan sonra karyerasını Fransada – “Nitsa”da davam etdirəcək.
Bu barədə Liqa 1 təmsilçisinin saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır.
Aaron Remzi 2019-cu ildən Turin təmsilçisində çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 70 oyuna çıxıb, 6 qol vurub. Uelsli futbolçu geridə qalan mövsümü icarə əsasında Şotlandiyanın “Reyncers” komandasında keçirib. O, sözügedən komandada 13 oyuna 2 qolla yadda qalıb.
Remzi daha əvvəl İngiltərənin “Arsenal” və “Nottingem Forest”, həmçinin, ölkəsinin “Kardiff Siti” klubunun da formasını geyinib. Yarımmüdafiəçi Uels yığmasında da 74 oyun keçirib, 20 qol vurub.
“Nitsa” Moskva “Lokomotiv”indən yarımmüdafiəçi Aleksis Beka Bekanı da transfer edib. 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Fransa klubu bu keçidə görə Rusiya təmsilçisinə 12 milyon avro ödəyib.

Aleksis Beka Beka Fransanın “Kan” klubunun yetirməsidir. O, 2021/22 mövsümünün əvvəlində “Lokomotiv”ə keçmişdi. Fransalı futbolçu ölkəsinin gənclərdən ibarət yığmasında da çıxış edir.
“Nitsa” Rumıniyanın U-21 yığmasının üzvü olan 19 yaşlı hücumameylli yarımmüdafiəçi Rareş İlieni də heyətinə qatıb. Buxarest “Rapid”indən transfer olunmuş oyunçu ilə də müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
