Abbas İbrahim: “Qarabağ”a qarşı yaxşı fürsətlərimiz oldu”

“Zirə”nin yarımmüdafiəçisi Abbas İbrahim Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Nigeriyalı futbolçu matçdan sonra Arena.az saytının əməkdaşına açıqlamasında komandasının 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

“Bu gün güclü rəqibə qarşı çətin oyun keçirdik. “Bayer”ə qarşı yaxşı oynayırdılar. Bu oyunda da yaxşı durumda idilər. Biz də əlimizdən gələni etdik. Amma bu, futboldur, həmişə istədiyin alınmır. İndi fikrimizi “Kəpəz”lə oyuna yönəldəcəyik.

“Qarabağ”a qarşı yaxşı fürsətlərimiz oldu. Lakin futbolda belə hallar olur. Bəzən fürsətlər yarada bilirsən, amma reallaşdırmaqda çətinliklər olur. Onlar isə öz fürsətlərindən istifadə edə bildilər.

Düşünürəm ki, həmişə hər şey qoldan asılı deyil. Yaratdığımız fürsətlər də komandanın göstəricisi olur. Oyunlarımıza baxanda görmək olur ki, çoxlu fürsətlər yaradırıq. Bir oyuna hardasa 20 qol imkanımız olur. Hamı bunu görə bilir. Lakin bəzən qol vurmağa bəxtimiz gətirmir. Düşünürəm, son iki matç biz yaxşı oyun nümayiş etdirdik, yaxşı məqamlarımız da oldu. İndi isə gələcək oyunlara köklənirik.

Mənə görə heç bir problem yoxdur. Bu futboldur. Bəzən səhvlər edirsən, vəssalam. Fikrimcə, yaxşı oyun nümayiş etdirə bilirik. Sadəcə, bəzi səhvlərə görə qələbə qazana bilmirik. Başqa heç bir problem görmürəm”.

Abbas İbrahim öz oyunundan da söz açıb: “Sonda 8 dəqiqə oynasam da, əlimdən gələni etməyə çalışdım. Çalışırdım ki, komandama daha da təkan verim. Düşünürəm, normal oynadım. İndi sadəcə, gələn oyuna hazırlaşmalıyam.

“Kəpəz”lə oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var. Bizim üçün bütün oyunlar eynidir. Hər oyunda hədəfimiz qələbə qazanmaqdır. Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. İnşallah ki, alınar”.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: