Abdel Buhazama “Anje”dən qovuldu

Futbol üzrə Fransa çempionatında mübarizə aparan “Anje” komandasının baş məşqçisi Abdel Buhazama Liqa 1 təmsilçisindən qovulub. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanın cari mövsümdəki uğursuz çıxışı ilə əlaqədar olaraq, klub rəhbərliyi bu mütəxəssisin postundan kənarlaşdırılması barədə qərar qəbul edib. Klub 54 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkürünü bildirib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Abdel Buhazama “Anje”yə 2022-ci ilin noyabr ayında baş məşqçi təyin edilmişdi. Amma o, komandanı turnir cədvəlinin aşağı pillələrindən xilas etməyi bacarmayıb. “Anje” onun rəhbərliyi altında meydana çıxdığı 14 oyundan 9-unda məğlubiyyətə üzülüb. Cəmi bir qələbə qazanan komanda dörd oyunda da heç-heçə edə bilib.

Buhazama daha öncə “Tur”, “Sent-Etyen”də yeniyetmə və gənclərdən ibarət komandalarda baş məşqçi olub. O, 2015-ci ildən çalışdığı “Anje”də də U-19 və əvəzedici komandalara rəhbərlik edib.

Xatırladaq ki, “Anje”nin əsas komandası bu mövsüm Liqa 1-də keçirdiyi 26 oyunda cəmi 2 qələbə qazanıb, 4 heç-heçə edib. 20 matçda məğlubiyyətə üzülmüş bu komanda 10 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: