“Zirə”nin Toqodan olan mərkəz hücumçusu Abdul Aziz Batibye bundan sonra Birinci Liqa təmsilçisi “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, hücumçu paytaxt klubundan 6 aylıq icarəyə götürülüb.
Xatırladaq ki, Abdul Aziz Batibye 2025-ci ilin yayında “Zirə”yə cəlb edilib. Həmin vaxt onunla 4 illik müqavilə imzalandığı açıqlanmışdı. Lakin toqolu futbolçu transferindən az sonra “Şamaxı”ya qarşı keçirdikləri yoxlama oyununda ağır zədə almış və “Zirə”nin əsas komandasından ayrı düşmüşdü. İndi paytaxt klubu 20 yaşlı hücumçunun “Karvan”ın heyətində Birinci Liqa oyunlarında iştirak etməklə əvvəlki formasını bərpa edəcəyinə ümid edir.
Batibye “Zirə”nin əsas komandasının heyətində cəmi 2 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


