“Neftçi”nin üç legioner futbolçusu – Vensan Abubakar, Sessi D’Almeyda və Alessio Kurçi ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Vensan Abubakar Kamerun yığmasına dəvət alıb. Kamerun milli komandası bu ay dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Konqo Demokratik Respublikası yığması ilə vacib qarşılaşma gözləyir. Bu komandalar arasındakı matç noyabrın 13-də Kamerunda baş tutacaq. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Sessi D’Almeyda Benin yığmasına çağırılıb. Benin milli komandası noyabrın 18-də Burkina Faso ilə yoxlama oyunu keçirəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Alessio Kurçi isə Lüksemburq yığmasının düşərgəsinə yollanacaq. Lüksemburq milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Almaniya (14 noyabr) və Şimali İrlandiya (17 noyabr) yığmaları ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


