AÇ-2023: Millimiz Türkiyə yığmasına biabırçı hesabla uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) final mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, C qrupunda yer alan yığmamız Almaniyanın Düsseldorf şəhərində reallaşan üçüncü görüşündə Türkiyə millisi ilə qarşılaşıb.

Ataman Güneyligilin yetirmələri onun həmyerlilərinə qarşı çox zəif çıxış ediblər. Komandamız hər üç setdə 13:25 hesabıyla məğlub olub.

Bu gün baş tutan qrupun digər qarşılaşmasında Çexiya millisi Yunanıstan komandasına 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, yığmamız ilk turda Çexiya millisi ilə qarşılaşmış və 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəyə sevinmişdi. Lakin ikinci turda meydan sahibi Almaniya ilə görüş komandamızın 1:3 hesablı məğlubiyyəti ilə bitmişdi.

Azərbaycan millisi sabah istirahət edəcək. Komandamız qrupda dördüncü oyununu avqustun 22-də Yunanıstan kollektivinə qarşı keçirəcək.

Azərbaycan yığması Avropa çempionatında bu oyunçularla mübarizə aparır:

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova;

Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko;

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil.

Avropa çempionatı sentyabrın 3-nə qədər davam edəcək. Qitə birinciliyinə Belçika, İtaliya, Almaniya və Estoniya birgə ev sahibliyi edirlər. Azərbaycan yığması AÇ-2023-də Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: