Futbol üzrə sayca 17-ci Avropa çempionatının (AÇ-2024) keçirildiyi Almaniyanın bəzi şəhərlərindən xoşagəlməz xəbərlər gəlməkdədir.
Arena.az xəbər verir ki, İngiltərənin “Daily Mail” nəşrinin jurnalistləri Almaniyanın Frankfurt şəhərində narkomaniya və fahişəlik fəsadına dair mövzu qaldırıblar.
Məşhur nəşrin qələm əhli Banhofsvirtel ərazisində vəziyyətin necə göründüyünü xüsusilə təsvir etdilər.
Xatırladaq ki, dünən, iynun 20-də Frankfurtun “Doyçe Bank Park” stadionunda Danimarka və İngiltərə yığmaları arasında AÇ-2024-ün qrup mərhələsinin 2-ci turu çərçivəsində oyun (1:1) keçirilib.
Mənbənin məlumatına görə, yerli sakinlər elə küçədəcə, qadağan edilmiş maddələrdən istifadə edirlər, sonra isə ağlını-başını itirmiş halda yerə sərilib zövqə dalırlar. Eyni zamanda bu “şad-xürrəmlər”in yanından İngiltərə yığmasının azarkeşləri keçiblər. Jurnalistlər həmçinin şəhərin mərkəzi küçələrinin bir neçəsində 5000-ə yaxın narkotik aludəçisini hesablayıblar.
Narkomaniyadan əziyyət çəkən qadınların bəzilərinin şəhər küçələrində fahişəliklə məşğul olduğu vurğulanır. Bəzi insanların asan pul qazanmaq məqsədilə soyğunçuluq, çanta və telefon oğurluğu ilə məşğul olduğu da qeyd edilir.
AÇ-2024-ü qəbul etmiş digər 9 şəhərdə də müvafiq mənzərələrin gözə çarpdığı haqda məlumat var.
Bir qədər əvvəl isə Almaniya hüquq-mühafizə orqanlarının, Avropa çempionatı zamanı narkotik maddələr haqda müvafiq qanunları pozmuş, dava-dalaş salaraq döyüşmüş və elektrik skuterləri ilə şəhər küçələrində ağına-bozuna baxmadan şütümüş, İngiltərə yığmasının 8 azarkeşini həbs eydiyi barədə məlumat yayılıb.
Qeyd edək ki, iyunun 14-də start verilmiş bu Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.


