Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, 13-cü oyun günündə əvvəlcə E qrupunda mübarizəyə yekun vurulub.
Slovakiya yığması Rumıniyanı, Ukrayna millisi isə Belçikanı sınağa çəkib. Müvafiq olaraq Frankfurt və Ştutqart şəhərlərində baş tutan bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 20:00-da) start verilib.
E qrupunda bütün komandaların 1/8 finala yüksəlmək şansı vardı. Çünki hər bir komandanın hesabında 3 xal vardı. Bu üzdən də bütün suallara son turda aydınlıq gələcəkdi.
Maraqlıdır ki, son turun oyunlarında qalib müəyyənləşməyib. Bu üzdən də bütün komandalar qrup mərhələsini 4 xalla başa vurublar. Bu isə Rumıniya və Belçika yığmalarının müvafiq olaraq 1 və 2-ci yerlə 1/8 finala çıxmasına şərait yaradıb. Slovakiya yığması da buna ən yaxşı qrup üçüncülərindən biri kimi nail olub. Ukrayna yığması isə evə yollanmaq məcburiyyətində qalıb.
Bu gün F qrupunda da Türkiyə millisi Çexiya ilə, Gürcüstan yığması da Portuqaliya ilə üz-üzə gələcək. Hamburq və Gelzenkirxen şəhərlərində təşkil olunacaq bu görüşlərin start fiti isə saat 23:00-da səslənəcək.
Xatırladaq ki, Almaniya, İspaniya, İngiltərə, Avstriya, Portuqaliya, İsveçrə, İtaliya, Danimarka, Fransa, Sloveniya və Niderland yığmaları 1/8 finala vəsiqəni artıq təmin ediblər.
AÇ-2024
25 iyun
E qrupu
Slovakiya – Rumıniya 1:1
Qollar: Andrey Duda, 24 – Razvan Marin, 37-pen.
Baş hakim: Daniel Zibert (Almaniya).
Frankfurt. “Valdstadion”.
Ukrayna – Belçika 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart. “MHP Arena”.
Xallar: Rumıniya – 4. Belçika – 4. Slovakiya – 4. Ukrayna – 4.


