AÇ-2024: İspaniya millisi dördqat Avropa çempionudur!

Bu gün Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatının (AÇ-2024) həlledici – final qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, Avropa çempionu olmaq uğrunda İspaniya və İngiltərə yığmaları mübarizə aparıblar.

Bu, İspaniya yığmasının Avropa çempionatlarında sayca beşinci finalı idi. Sözügedən komanda bir dəfə (AÇ-1984) finalda uduzsa da, üç dəfə (AÇ-1964, AÇ-2008 və AÇ-2012) qalib olmuşdu. Yeri gəlmişkən, İspaniya yığmsı Almaniya millisi ilə birgə ən çox (3 dəfə) Avropa çempionu olmuş iki komandadan biriydi. İspanlar bu gün də qalib gəlsəydilər, o zaman mütləq rekordçu olacaqdılar.

İngiltərə yığması isə indiyə qədər heç vaxt Avropa çempionu ola bilməmişdi. Bu üzdən də britaniyalılar tarixi uğura imza atmaq arzusunda idilər. Bu, ingilislərin tarixində Avropa çempionatlarında ikinci final görüşü idi Bu komanda AÇ-2020-də finala yüksəlsə də, İtaliya yığmasına məğlub olaraq gümüş medallarla kifayətlənmişdi.

Budəfəki finalda hesabı ispanlar açıblar. İkinci hissədə İngiltərə yığması hesaba tarazlıq gətirsə də, son dəqiqələrdə daha bir qol vuran İspaniya yığması tarixində dördüncü dəfə Avropa çempionu olub və yeni rekord müəyyənləşdirib.

AÇ-2024
Final
14 iyul

İspaniya – İngiltərə 2:1
Qollar: Niko Uilyams, 47. Mikel Oyarsabal, 86 – Koul Palmer, 73.
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya stadionu.

İspaniya: Unai Simon, Daniel Karvaxal, Robin le Norman (Naço Fernandes, 83), Emerik Lyaport, Mark Kukurelya, Rodri (Martin Subimendi, 46), Fabian Ruis, Lamin Yamal (Mikel Merino, 89), Dani Olmo, Niko Uilyams, Alvaro Morata (Mikel Oyarsabal, 68).
Baş məşqçi: Luis de la Fuente.

İngiltərə: Cordan Pikford, Kayl Uoker, Con Stounz, Mark Qehi, Bukayo Saka, Kobbi Maynu (Koul Palmer, 70), Deklan Rays, Lyuk Şou, Fil Foden (Ayven Touni, 89), Cud Bellingem, Harri Keyn (Olli Uoktins, 61).
Baş məşqçi: Qaret Sautqeyt.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: