Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 5-ci sınağında Estoniya yığmasının qonağı olub.
Tallindəki “Le Koq Arena”da keçirilən oyunu Almaniyadan olan FIFA referisi Robert Şröder idarə edib. Qarşılaşmaya daha yaxşı başlayan millimiz elə ilk hissədə iki qol vurmağa nail olub. Komandamız bu üstünlüyünü sonadək qorumağı və seçmə mərhələdə ilk qələbəsini qazanmağı bacarıb.
Xatırladaq ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya səfərdə 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzmuşdu. Belçika ilə Bakıdakı qarşılaşmada da yığmamız 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi. Digər görüş isə Bakıda məhz Estoniya yığmasına qarşı olmuşdu ki, həmin oyunda da qalib müəyyənləşməmişdi – 1:1.
Maraq üçün qeyd edək ki, Estoniya yığması Azərbaycan üçün tanış rəqibdir. Amma bu komandaya qarşı keçirdiyimiz oyunların statistikası heç də ürəkaçan deyildi. Məsələ burasındadır ki, bu günə qədər keçirilmiş 9 oyunda yalnız 1 qələbəyə sevinmişdik. Millimiz isə əvvəlki oyunlarda estonlara 3 dəfə uduzmuşdu. Qalan 5 oyun heç-heçə yekunlaşmışdı. Top fərqində də rəqib öndəydi – 9-6.
Bu gün F qrupu çərçivəsində daha bir oyun baş tutacaq. 13 xalla 2-ci pillədə qərarlaşmış Avstriya yığması eyni xala malik Belçika millisini doğma meydanda məğlub etməklə vahid lider olmağa çalışacaq.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
13 oktyabr
Estoniya – Azərbaycan 0:2
Qollar: Toral Bayramov, 9. Ramil Şeydayev, 45+4-pen.
Baş hakim: Robert Şröder (Almaniya).
Tallin, “Le Koq Arena”.
Estoniya: 12. Karl Heyn, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov (21. Boqdan Vaşuk, 74), 8. Henri Anier (19. Ken Kallaste, 85), 13. Maksim Paskotşi, 14. Konstantin Vasilyev (k) (10. Sergey Zenyov, 63), 17. Martin Miller (23. Vlasi Sinyavski, 64), 20. Markus Pum (15. Martin Vetkal, 63).
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 11. Henrik Oyama, 16. Marko Lukka, 18. Mixael Lilander.
Baş məşqçi: Tomas Heberli.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov (15. Bəxtiyar Həsənalızadə, 65), 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k) (19. Filip Ozobiç, 75), 10. Mahir Emreli (9. Renat Dadaşov, 70), 11. Ramil Şeydayev, 17. Toral Bayramov (21. Qismət Alıyev, 75), 20. Aleksey İsayev (16. Elvin Camalov, 70).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 18. Ozan Can Kökçü, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Xal: Belçika – 13. Avstriya – 13. İsveç – 6. Azərbaycan – 4. Estoniya – 1.


