2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində ilk turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qrup (B, E, F və G) üzrə daha 8 qarşılaşma baş tutub.
B qrupunda Fransa və Niderland yığmalarının oyunu daha böyük maraqla gözlənilirdi. Bu oyunda meydan sahibləri 4 cavabsız qola seviniblər. Qrupun digər matçında Yunanıstan da Cəbəllütariqin qonağı olub və 3 xalı 3 cavabsız qolla əldə edib.
E qrupunda Çexiya yığması Polşanı, Moldova millisi Farer adalarını qəbul edib. Çexlər doğma meydanda inamlı qələbəyə seviniblər. Digər oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
F qrupunda Azərbaycan millisi səfərdə Avstriya ilə qarşılaşıb. Millimiz bu oyunda böyük hesabla uduzub. Qrupun əsas favoritləri İsveç və Belçika yığmaları da Solnada münasibətlərinə aydınlıq gətiriblər. Bu matçda da qonaqlar darmadağınla qalib gəliblər. Milan “İnter”ində forma geyinən Romelu Lukaku meydan sahiblərinin qapısına 3 qol vurub.
G qrupunda isə Bolqarıstan yığması Monteneqro ilə ev oyununda məğlub olub. Qrupun digər matçında da Serbiya millisi Litvanı xalsız yola salıb.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur
24 mart
B qrupu
Fransa – Niderland 4:0
Qol: Qrizmann, 2. Upamekano, 8. Mbappe, 21; 88.
Cəbəllütariq – Yunanıstan 0:3
Qol: Masuras, 11. Siopis, 45. Bakasetas, 58.
E qrupu
Çexiya – Polşa 3:1
Qol: Kreyçi, 1. Çvançara, 3. Kuxta, 64 – Şimanski, 87.
Moldova – Farer adaları 1:1
Qol: Nikolaesku, 86-pen – Mikkelsen, 27.
F qrupu
Avstriya – Azərbaycan 4:1
Qol: Zabitser, 28; 50. Qreqoriç, 29. Baumqartner, 69 – E.Mahmudov, 64.
İsveç – Belçika 0:3
Qol: Lukaku, 35; 49; 83.
G qrupu
Bolqarıstan – Monteneqro 0:1
Qol: Krstoviç, 70.
Serbiya – Litva 2:0
Qol: Tadiç, 16. Vlahoviç, 53.


