Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünün 3-cü turundan təxirə salınmış “Adana Dəmirspor” – “Beşiktaş” oyunu baş tutub.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Yeni Adana Stadionunda üz-üzə gəliblər.
Kifayət qədər məhsuldar alınan qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. 75 dəqiqəyə 4 ardıcıl qol vuran Adana təmsilçisi yalnız 79 və 90-cı dəqiqələrdə buraxdığı toplar nəticəsində fərqin azalmasına imkan verib.
Bu yaydan Adana klubunun formasını geyinən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı “Beşiktaş”la görüşün iştirak ərizəsinə də daxil edilməyib.
“Adana Dəmirspor” bu qələbədən sonra 11 xalla 3-cü sırada qərarlaşıb. “Beşiktaş” isə 10 xalla 6-cıdır. Turnir cədvəlinə 16 xala malik “Qalatasaray” rəhbərlik edir. İkinci pillədə digər İstanbul təmsilçisi, 15 xalı olan “Fənərbaxça” var.
Sabah daha bir təxirə salınmış qarşılaşma baş tutacaq. “Fənərbaxça” digər İstanbul təmsilçisi “Başakşəhər”i qəbul edəcək.
Türkiyə Super Liqası
3-cü turun oyunları
26 sentyabr
İstanbulspor – Qalatasaray 0:1
Qol: İkardi, 42.
27 sentyabr
Adana Dəmirspor – Beşiktaş 4:2
Qollar: Belhanda, 8. Nyanq, 17. E.Akbaba, 59. Y.Erdoğan, 75 – Abubakar, 79. Raşiça, 90.
28 sentyabr
21:00. Fənərbaxça – Başakşəhər


