2023/2024-cü illər mövsümü Avropa Liqası “Bayer”ə qarşı final oyunu “Atalanta”nın nigeriyalı hücumçusu Ademola Lukman üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Lukman bu oyunda “Bayer”in qapısından üç qol keçirməklə komandasına ilk Avropa qənimətini qazandırıb.
Həmçinin Lukman Avropa Liqasının finallarında üç qol vurmuş ilk futbolçu kimi adını futbol tarixinə yazıb.
Ademola Lukman “Çarlton”un yetirməsidir. Hücumçu karyerası ərzində “Everton”, “Leypsiq”, “Fulhem” və “Lester”də oynayıb. “Atalanta” Lukmanı 2022-ci ilin avqustunda 9,35 milyon avro məbləğ müqabilində “Leypsiq”dən heyətinə qatıb. Nigeriyalı hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Lukman “Atalanta”nın heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 15 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukmanın “Atalanta”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 76 oyun, 30 qol, 16 məhsuldar ötürmə.
Ademola Lukman 2022-ci ilin martında debüt etdiyi Nigeriya yığmasının heyətində 21 oyuna 6 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriya yığmasında debütə qədər Lukman İngiltərənin U-19, U-20 və U-21 yığmalarında çıxış edib.
Nigeriyalı hücumçunun qənimətlər muzeyində ilk klub qəniməti məhz 2023/2024-cü illər mövsümü Avropa Liqasının kubokudur. Həmçinin Lukman İngiltərənin U-20 yığması ilə Dünya Kubokunun (2017) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı nigeriyalı hücumçunun transfer qiymətini 30 milyon avro məbləğində qiymətləndirir.



