“Şamaxı” futbol klubunda daha bir futbolçu – Adil Nağıyev ilə də yolların ayrılmasına qərar verilib. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 27 yaşlı futbolçu sözləşmə ilə məxsus olduğu “Səbail”ə qayıdıb.
Xatırladaq ki, Adil Nağıyev mövsümün əvvəlində məhz paytaxt klubundan icarə əsasında “Şamaxı”ya transfer olmuşdu. O, baş məşqçi Mahmud Qurbanovla münaqişə səbəbindən “dənizçilər”dən ayrılmaq qərarına gəlmişdi. Lakin bir neçə gün öncə Qurbanovun istefa verməsi onun da “Şamaxı”dakı karyerasını yarıda qoymağa vadar edib. Belə ki, “Səbail”in yeni baş məşqçisi Şahin Diniyev Adilə ehtiyacı olduğunu bildirib. Bu üzdən də o, paytaxt klubuna qayıtmağa qərar verib. Halbuki, o, 2022/23 mövsümünün sonuna kimi “Şamaxı”nın uğurları üçün çalışmalı idi.
“Şamaxı” Nağıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Nağıyev 2019-cu ildən “Səbail”də çıxış edir. O, daha öncə AZAL, “Zirə” və “Sumqayıt”da da oynayıb.
Xatırladaq ki, “Şamaxı” bir müddət əvvəl yarımmüdafiəçi Bəhruz Teymurov və Samir Qurbanovla da vidalaşmışdı. Əvəzində Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyev klubla yeni müqavilə bağlayıb. Əyalət klubu hücumçu Emil Qasımovu da heyətinə cəlb edib.