AFFA “Neftçi” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə Tovuz klubuna xəbərdarlıq edilib.

“Sabah” – “Araz-Naxçıvan” oyununda “Sabah”ın azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt klubu 500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. Bu oyunda topdaşıyan rəqib künc zərbəsi başlayarkən topu kənara atdığına görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Sənan Qurbanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. Klub isə 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. Oyun bitdikdən sonra “Neftçi”nin məşqçisi Miodraq Todorov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. Klub isə 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Bu oyunda fotoqraflar mövqelərini dəyişdiyinə və icazə verilməyən yerlərdən çəkiliş apardıqlarına görə “Neftçi” klubu 500 manat cərimə edilib. Oyundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib. Miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna, futbolçular avtobusa rahat daxil ola bilmədiyinə görə “Neftçi”yə xəbərdarlıq edilib. “Qarabağ”ın futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğuna görə “Qarabağ” klubu 1000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə Ağdam klubu 500 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: