“Səbail”in hücumçusu və kapitanı Ağabala Ramazanov Premyer Liqanın 12-ci turunun “Turan Tovuz”la oyununda ciddi zədə alıb.
Arena.az xəbər verir ki, o, “Bayıl Arena”da baş tutan matçın 44-cü dəqiqəsində top uğrunda mübarizə zamanı rəqib futbolçu Faiq Hacıyevlə kəllə-kəlləyə gəlib.
Nəticədə huşunu itirən hücumçu uğursuz şəkildə yerə sərilib. Meydandakı futbolçular dərhal həkimləri köməyə çağırıblar. İlkin tibbi yardımdan sonra oyunçunu ayıltmaq mümkün olub. Təxminən beş dəqiqəlik müdaxilədən sonra Ağabalanı təcili tibbi yardım maşınına qoyaraq xəstəxanaya aparıblar. Oyunu davam etdirməsi mümkün olmayan Ramazanovun əvəzində meydana Rüfət Abdullazadə buraxılıb.
Qeyd edək ki, “Səbail” – “Turan Tovuz” matçında ilk hissədən sonra qonaqlar 1:0 hesabıyla öndədirlər.
Xatırladaq ki, Ağabala Ramazanov 2022-ci ilin iyul ayından “Səbail”də forma geyinir. O, 2018-2020-ci illər aralığında da paytaxt təmsilçisində çıxış edib. Hücumçu bu komandada bütövlükdə 77 oyuna çıxıb, 20 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Ramazanov karyerası ərzində “Xəzər Lənkəran”, “Zirə”, “Sumqayıt”, “Qarabağ”, “Şamaxı” və “Neftçi”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 18 oyun keçirib, 1 qol vurub.


