Azərbaycan yığmasının üzvü Ağanəzər Novruzov sərbəst güləş üzrə Roman Dmitriyev memorialında bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, Rusiyanın Yakutsk şəhərində təşkil olunmuş ənənəvi yarışda gənclərdən ibarət millimizin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında 3 güləşçimiz xalçaya çıxıb.
Ayxan Abdullazadə (65 kq) 1/16 finalda rusiyalı Aytal Qromova 6:0 hesabıyla qalib gəlib. Güləşçimiz zədələndiyi üçün 1/8 finalda digər rusiyalı Daniil Bodnarla görüşdən məğlub ayrılıb.
İsmayıl Rəhimli (70 kq) 1/8 finalda Sergey Yakimova 6:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda təşkilatçı ölkənin digər güləşçisi Xabib Zavurbekova məğlub olub – 3:9.
Ağanəzər Novruzov (74 kq) 1/8 finalda rusiyalı Bair Tsıdenova tam üstünlüklə qalib gəlib – 12:2. Həmyerlimiz növbəti mərhələdə bu ölkənin digər təmsilçisi Amqalan Tsıdeyevi də vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Novruzov yarımfinalda qazaxıstanlı Asxab Xadjiyevə minimal fərqlə (1:2) uduzub. Ağanəzər yerli idmançı Andrey Rumyantsevdən güclü olaraq (6:4), turniri bürünc medalla başa vurub.


