Aleks Baena “Atletiko”nun bir neçə oyununu buraxacaq

İspaniya millisinin sol vingeri, “Atletiko”nun bu yay transfer etdiyi Aleks Baena aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı cinah oyunçusu İspaniya La Liqasının 2025/2026-cı illər mövsümünün ilk turu çərçivəsində qarşılaşdıqları “Espanyol”la oyunda sıradan çıxıb. Baena 1:2 hesabıyla uduzduqları görüşdə əzələ zədəsi alıb. Bu üzdən də futbolçunun azı iki həftə futbol oynaya bilməyəcəyi vurğulanır. Artıq oyunçunun bərpa prosesinə start verilib. Baenanın hətta İspaniya millisinin sentyabr ayında baş tutacaq Bolqarıstan və Türkiyə yığmaları ilə oyunlarını da buraxacağı bildirilir.

Xatırladaq ki, “Atletiko” Baenanı bu yay heyətinə qatıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb. Madrid klubu bu keçid üçün “Vilyarreal”a 45 milyon avro ödəyib.

Aleks Baena “Vilyarreal”ın yetirməsidir. İspan vinger bir müddət “Jirona”da da çıxış edib. Baena “Vilyarreal”ın əsas komandasının heyətində 149 oyun keçirib, 26 qol vurub, 40 məhsuldar ötürmə müəllifi olub.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Baena 2023-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasında 10 oyuna 2 qol vurub.

“Transfermarkt” internet-portalı 22 yaşlı vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: