Məşhur şotland mütəxəssis, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson addımı ilə gündəmə gəlib.
Arena.az “Daily Record” dərgisinə istinadən məlumat verir ki, Ferqyuson Şotlandiyanın maliyyə çətinlikləri ilə üzləşmiş “İnverness Kaledonian Tisl” klubuna dəstək nümayiş etditib.
Klubun yeni müşaviri Alan Sevic tərəfindən təşkil edilmiş görüşdə klubun borcunun 3 milyon funt-sterlinqinin silinməsi və ya səhmlərə çevrilməsi ilə bağlı razılıq əldə etmək mümkün olub. Bu prosesdə keçmiş sədr Ross Morrison 2,1 milyon funt-sterlinq məbləğində borcun silinməsinə razılıq verib.
Ser Aleks Ferqyuson şəxsən Alan Sevicə zəng edərək kluba dəstəyini ifadə edib. O, baş məşqçi Dunkan Ferqyusonun əməyini yüksək qiymətləndirərək onu “əla mütəxəssis” adlandırıb. Artıq klubun məsləhətçiləri mümkün alıcılarla danışıqlar aparırlar.
Xatırladaq ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Bu müddətdə “Mançester Yunayted” 13 dəfə İngiltərə çempionu olub. Həmçinin “qırnızı şeytanlar” 5 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 10 dəfə İngiltərə Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıblar. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” bütün yarışlarda 1476 oyun keçiriblər. Ser Aleks Ferqyuson “Mançester Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra klub bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.


