İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Aleks Kolyado Kataloniya təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 23 yaşlı vinger La Liqanın digər təmsilçisi “Elçe”yə keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Hücumameylli yarımmüdafiəçi 2023-cü ilin 30 iyununa kimi icarə əsasında “Elçe”də çıxış edəcək. Kataloniya klubu futbolçunun maaşının 50 faizini ödəməyə davam edəcək.
Aleks Kolyado “Barselona”nın öz yetirməsidir. O, 2010-cu ildə, 11 yaşında olarkən Kataloniya klubunun sıralarına qoşulub. Yarımmüdafiəçi 2018/19 mövsümündə “Selta” ilə səfər oyununda əsas komandada debüt edib. Lakin Kolyado ondan sonra yalnız bir dəfə belə bir şans qazana bilib. İspan futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Qranada”da keçirib. O, bu komandada 17 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



