İngiltərənin “Bornmut” klubu heyətini 2 yeni futbolçu – yarımmüdafiəçi Aleks Skott və sağ cinah müdafiəçisi Maks Eronz ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Skott “Bristol Siti”dən, Eronz isə “Norviç Siti”dən alınıb. “Bornmut” onlara görə müvafiq olaraq 23 milyon və 8,1 milyon avro təzminat ödəyib. Lakin onarla imzalanmış müqavilələrin müddəti açıqlanmayıb.

Aleks Skott “Bristol Siti”nin öz yetirməsidir. 19 yaşlı ingilis futbolçu 2021-ci ildən əsas komandada forma geyinirdi. O, bu komandada 91 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Mərkəz yarmmüdafiəçisi İngiltərənin U-18, U-19 və U-20 yığmalarında da oynayıb.

Maks Eronz da “Norviç Siti”nin öz yetirməsidir. 23 yaşlı ingilis futbolçu 2018-ci ildən bu klubun əsas komandasının uğurları üçün çalışırdı. Müdafiəçi bu komandada 213 oyuna çıxıb, 6 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. O da İngiltərənin U-19 və U-21 yığmalarında oynayıb.


