Futbol üzrə İtaliya çempionu “İnter” heyətini iki yeni futbolçu – dayaq yarımmüdafiəçisi Aleksandar Stankoviç və qapıçı İvan Provedellə gücləndirib.
Arena.az bu barədə Milan klubunun rəsmi saytına istinadən xəbər verir.
Stankoviç Belçikanın “Brügge” klubundan 23 milyon avro müqabilində transfer edilib. 20 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Aleksandar Stankoviç “İnter”in öz yetirməsidir. O, bir müddət İsveçrənin “Lütsern” klubunda icarədə də olub. “Brügge” serb futbolçunu 2025-ci ilin yayında 9,5 milyon avro müqabilində heyətinə qatmışdı. Amma İtaliya klubu cəmi bir il sonra yetirməsini yenidən öz rənglərinə bağlayıb.
Ötən mövsüm “Brügge”də 55 oyuna 9 qol və 5 assist müəllifi olmuş Stankoviç Serbiya yığmasında da 8 oyuna çıxıb, 1 qol vurub.
“İnter” 32 yaşlı italiyalı qapıçı İvan Provedeli də “Latsio”dan tamhüquqlu əsasda satın alıb. Keçid “İnter”ə 3 milyon avro məbləğ müqabilində başa gəlib. Provedel 2029-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “neradzurri”nin xidmətində olacaq.
Provedel 2022-ci ildən “Latsio”da çıxış edirdi. O, ötən mövsüm A Seriyasında 27 oyuna çıxıb, 27 qol buraxıb.
Yeri gəlmişkən, “İnter”in sabiq qapıçısı Samir Handanoviç Milan təmsilçisindən ayrılıb. Hazırda məşqçi fəaliyyəti ilə məşğul olan Samir Handanoviç “neradzurri”inin yeniyetmələrdən ibarət U-17 komandasının baş məqşçisi vəzifəsini tərk edib. Handanoviç müvafiq qərarı ilə bağlı, özünün sosial şəbəkə hesabları üzərindən də məlumat paylaşıb. Onun növbəti fəaliyyəti ilə bağlı məlumat yoxdur. Təxmin edilir ki, sloven mütəxəssis yeni təklifləri baxışdan keçirə bilər.


