Ermənistan Futbol Federasiyasının rəhbərliyi bu ölkənin milli komandasının baş məşqçisi Aleksandr Petrakov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Aleksandr Petrakov artıq yığmanın baş məşqçisi deyil. Mütəxəssis işdən çıxarılıb”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, komanda ötən gün evdə UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Şimali Makedoniyaya doğma meydanda uduzub – 0:2.
Petrakovun istefasına da məhz komandanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışı səbəb olub. Ermənistan yığması C Liqasının 4-cü qrupunda 4 xalla ikinci pillədə qərarlaşıb.
Xatırladaq ki, Petrakov 2023-cü ilin yanvar ayından Ermənistan yığmasında baş məşqçi işləyirdi. Ukraynalı məşqçi bu oyunlarda 4 qələbə, 4 heç-heçə görüb, 10 məğlubiyyətə üzülüb.
67 yaşlı mütəxəssis daha öncə Ukrayna millisinə də rəhbərlik edib. O, ölkəsinin U-16, U-17, U-18, U-19, U-20 yığmalarında da baş məşqçi olub.


