Xorvatiyanın “İstra” klubunun dayaq yarımmüdafiəçisi Aleksandr Petrusenko bundan sonra “Antalyaspor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
Super Liqa təmsilçisi bu transferi 500 min avroya rəsmiləşdirib. 26 yaşlı ukraynalı futbolçu yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Aleksandr Petrusenko Kiyev “Dinamo”sunun yetirməsidir. “Qornyak-Sport”, “Minay”, “Budapeşt Qonved” klublarında da forma geyinmiş yarımmüdafiəçi 2022-ci ilin avqust ayından “İstra”da çıxış edirdi. Ukraynalı futbolçu Xorvatiya klubunun heyətində 69 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Petrusenko Ukraynanın U-19 və U-21 yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
“Antalyaspor” bu yay “Ankaragücü” klubundan ayrılan sol cinah müdafiəçisi Abdurrahim Dursunu da heyətinə qatıb. 25 yaşlı türkiyəli futbolçu ilə 2 illik müqavilə imzalanıb. Türkiyəli futbolçu yeni klubuna azad agent kimi qoşulub.
“Trabzonspor”un yetirməsi olan Abdurrahim Dursun “Kırklarelispor”, “1461 Trabzon”, “Bandırmaspor”, “Boluspor” və “Adana Dəmirspor” kimi klublarda da forma geyinib. Cinah müdafiəçisi Türkiyənin U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə forma şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 200 min avro məbləğində qiymətləndirir.