Peşəkar boksçu Aleksandr Usik britaniyalı Daniel Dyubua üzərində qələbə qazanmaqla növbəti dəfə ağır çəki dərəcələrində titullarını qoruyub.
Arena.az xəbər verir ki, ötən gün Polşanın Vrotslav şəhərində boks gecəsi baş tutub.
Əsas döyüşdə WBA (Super), IBF və WBO superağır çəki dərəcələrinin sahibi ukraynalı Aleksandr Usik və britaniyalı iddiaçı Daniel Dyubua qarşılaşıblar. Usik 9-cu raundda texniki nokautla qalib gəlib.
Bununla da Usik peşəkar rinqdə 21-ci qələbəsini (14-ü nokautla) qazanıb. Ukraynalı məğlubiyyət acısı yaşamayıb.
Usik bu qələbə sayəsində Dünya Boks Assosiasiyası (WBA), Ümumdünya Boks Təşkilatı (WBO), Beynəlxalq Boks Federasiyası (İBF) və Beynəlxalq Boks Təşkilatının (İBO) ağır çəki dərəcələrində titullarını qoruyub.
Dyubua isə öz növbəsində ikinci məğlubiyyətinə üzülüb. Bundan əvvəl britaniyalı boksçu 2020-ci ilin noyabrında həmyerlisi Co Coysa döyüşün 10-cu raundunda texniki nokautla ilk məğlubiyyətini yaşamışdı. Dyubuanın hesabında 19 qələbə də var.
Xatırladaq ki, Usik 2022-ci ilin avqustundan bəri ilk döyüşünü keçirib. Usik o vaxt ikiqat dünya çempionu britaniyalı Entoni Coşua ilə qisas görüşündə hakimlərin fərqli qərarı ilə qalib gəlmişdi.


