İngiltərənin “Mançester Yunayted” klubunun cinah hücumçusu Alexandro Qarnaço bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.
“Zadəganlar” bu transferi 46,2 milyon avroya rəsmiləşdiriblər. 21 yaşlı vingerlə 7 illik (2032-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
“Mançester Yunayted”dən “Çelsi”yə keçmiş argentinalı cinah hücumçusu “qırmızı şeytanlar”la vidalaşıb. O, köhnə klubu ilə bağlı paylaşımında bunları qeyd edib:
“Unudulmaz beş ildən sonra mənim həyatımın bu xüsusi mərhələsi başa çatır. Məşqçilərə, xidmət heyətinə və tərfdaşlarıma, mənə inandıqları üçün təşəkkür edirəm”, deyə Qarnaço duyğusalcasına vurğulayıb.
Xatırladaq ki, Qarnaçonu hələ yeniyetmə ikən “qırmızı şeytanlar”ın skautları “Atletiko” (Madrid) futbol məktəbindən “oğurlayaraq”, “Mançester Yunayted” futbol akademiyasına cəlb ediblər. Argentinalı vinger mankunianlıların əsas komandasına 2022-ci ilin iyulunda keçirilib. Qarnaçonun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Qarnaço “qırmızı şeytanlar”ın əsas komandasının heyətində bütövlükdə 144 oyuna çıxıb, 26 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. O, “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) və İngiltərə Federasiya Kubokunu (2024) qazanıb.
Alexandro Qarnaço 2023-cü ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, yığmanın heyətində Amerika Kubokunun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı Alexandro Qarnaçonu 45 milyon avro məbləğində qiymətləndirir.

Buonanotte də Londona yollandı
“Çelsi” Argentina yığmasının daha bir üzvünü, “Brayton”da çıxış edən hücumameyilli yarımmüdafiəçi Fakundo Buonanotteni də heyətinə qatıb. “Zadəganlar” 20 yaşlı futbolçunun bir mövsümlük icarəyə götürüblər. Klub bunun üçün qarşı tərəfə 2,3 milyon avro ödəyib.
Fakundo Buonanotte “Rosario Sentral”ın yetirməsidir. “Brayton” onu 2023-cü ilin yanvarında 6 milyon avro qarşılığında heyətinə qatıb. Yarımmüdafiəçi ötən mövsüm “Lester Siti”də də icarədə olub. Gənc futbolçu “Brayton”un heyətində 50 oyun (5 qol, 2 assist), “Lester Siti”də 35 oyun (6 qol, 3 assist) keçirib.
Buonanotte 2023-cü ildə debüt etdiyi Argentina millisinin heyətində 2 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Çelsi” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında Liqa mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq görüş noyabrın 4-də Bakıda keçiriləcək.


