Almaniya yığmasının başının üstünü qara buludlar alıb

Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik istefaya göndərilərsə, Yulian Nagelsmann “bundestim”ə rəhbərlik edə bilər.

Arena.az bu barədə “Bayern & Germany”yə istnadən xəbər verir.

Alman Futbol İttifaqının (DFB) bəzi üzvləri Nagelsmanın Flikin yerinə mümkün yeganə namizəd olduğunu hesab edirlər. Onlar hesab edirlər ki, DFB vaxt itirməməli və hər hansı klubun Nagelsmanı dəvət etməsindən öncə mütəxəssisi yığmanın baş məçqçisi təyin etməlidirlər.

Lakin “Sport Bild”in məlumatına görə, DFB-də digər cəbhə də təşəkkül tapıb və onlar Nagelsmanın yığma komanda ilə işləmək nüfuzunun və təcrübəsinin kifayət edəcəyinə şübhə edirlər.

DFB rəhbərliyi indiyə qədər Fliki açıq şəkildə dəstəkləyir. Lakin mütəxəssisin öz mövqeyini qoruyub saxlaması üçün Almaniya yığmasının tez bir zamanda nəticə verməsi və yaxşı oyun göstərməsi vacibdir.

Sentyabrda keçiriləcək Fransa ilə oyun Flik üçün yığmanın sükanı arxasında sonuncu oyunu ola bilər. Bu oyunda DFB rəhbərləri ev sahibi qismində AÇ-2024-ə hazır olan rəqabətədavamlı komanda görmək istəyindədirlər.

Flik AÇ-2020-dən sonra Almaniya yığmasına rəhbərlik edib. 2022-ci il dünya çempionatında Flikin rəhbərliyi altında “bundestim” qrupdan çıxa bilməyib. Son 16 rəsmi oyunda isə Almaniya yığması cəmi 4 qələbə qazanıb ki, bu da alman futbol ictimaiyyəti və azarkeşləri arasında böyük qınaq və tənqidlə qarşılanıb.