İspaniyanın “Hueska” klubunun qapıçısı Alvaro Fernandes bundan sonra La Liqa təmsilçisi “Sevilya”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Sevilya” rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı qolkiper elita təmsilçisinə azad agent kimi qoşulub. İspan qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Alvaro Fernandes “Osasuna”nın yetirməsidir. O, “Hueska”dan öncə “Ekstremadura”, “Brentford”, “Espanyol”, “Monako” kimi klublarda da forma geyinib. Alvaro İspaniyanın U-19, U-21, U-23 yığmalarında oynayıb, 2021-ci ildə isə əsas millidə 1 oyun keçirib.
“Sevilya”dan “Leqanes”ə
Alvaro Fernandesin gəlişi ilə yanaşı, “Sevilya” iki futbolçusu ilə də yollarını ayırıb. Bunlardan biri qapıçı Marko Dmitroviç, digəri isə hücumameyilli yarımmüdafiəçi Oskar Rodriqesdir. Onların hər ikisi yenidən La Liqaya qayıtmış “Leqanes”ə keçib. Dmitroviç yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıbsa, Rodriqes 2 illik sözləşmə imzalayıb.
Oskar Rodriqes Madrid “Real”ının yetirməsidir. O, elə “Real”da olarkən də “Leqanes”də icarədə oynayıb (64 oyun, 13 qol, 6 assit). 26 yaşlı ispan futbolçu “Xetafe” və “Selta”da da çıxış edib. Oskarın “Sevilya” karyerası isə cəmi 44 oyun, 2 qol və 2 assistdən ibarətdir. O, İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə 2 oyun keçirib.
Marko Dmitroviç isə “Srvena Zvezda”nın yetirməsidir. 32 yaşlı serbiyalı qapıçı “Uypeşt”, “Çarlton Atletik”, “Alkorkon”, “Eybar” kimi klublarda da forma geyinib. Dmitroviçin “Sevilya” karyerası 53 oyun, 56 buraxılmış qol və 23 “quru” matçdan ibarətdir. O, Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. 2017-ci ilin noyabrında əsas millidə debüt etmiş qapıçı, 19 oyuna çıxıb, 31 qol buraxıb, 3 oyundan “quru” çıxıb.
“Sevilya”nın iki futbolçusunu heyətinə qatmış “Leqanes”də də üç futbolçu komandanı tərk edib. Mərkəz yarımmüdafiəçisi 29 yaşlı İker Undabarrena Malayziyanın “Johor Darul Tazim” klubuna keçib. İspan futbolçu bir neçə gün öncə Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovu da heyətinə qatmış bu klubla 1 illik müqavilə bağlayıb.
“Leqanes”in 35 yaşlı sağ cinah müdafiəçisi Xorxe Miramon Kiprin AEK (Larnaka) klubuna keçib. İspan futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Dayaq yarımmüdafiəçisi olan Luis Perea isə “Leqanes”i “Rasinq Ferrol”a dəyişib. 26 yaşlı ispan futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.


