İngiltərənin “Mançester Yunayted” klubu sol cinah müdafiəçisi Alvaro Fernandes və sağ cinah vingeri Mateo Mexiya ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Alvaro Portuqaliyanın “Benfika” klubuna icarəyə verilib. İspan futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb.
Vaxtilə “Real” və “Deportivo” kimi klubların futbol akademiyasında olmuş Alvaro Fernandes 2022-ci ildən “Mançester Yunayted”dədir. 20 yaşlı ispan müdafiəçi “qırmızı şeytanlar”ın əsas komandasında heç vaxt oynamayıb. O, daha öncə “Preston” Nord End” və “Qranada”da da icarədə olub. Vaxtilə İspaniyanın U-19 yığmasında oynamış Fernandes hazırda U-21-də forma geyinir.
Mateo isə İspaniyanın “Sevilya” klubuna transfer edilib. Onunla müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Sevilya” 20 yaşlı vinger üçün qarşı tərəfə təzminat ödəməyib. Amma futbolçunun növbəti satışından əldə ediləcək gəlirin 25 faizi “qırmızı şeytanlar”a çatacaq.
“Mançester Yunayted” Mexiyanı 2019-cu ildə “Saraqosa”nın akademiyasından transfer etmişdi. Kolumbiyalı futbolçu bu mövsüm U-23 komandasının heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Mateo Kolumbiyanın U-20 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Sevilya” bir neçə gün öncə “Mançester Yunayted”in digər futbolçusu Hannibal Mejbrini də heyətinə qatdığını açıqlamışdı. Lakin Mexiyadan fərqli olaraq, Mejbri bu mövsümün sonuna kimi La Liqa təmsilçisində icarədə çıxış edəcək.


