İspan hücumçu Alvaro Morata Madrid “Atletiko”sundan “Milan”a keçməsi ilə bağlı verdiyi qərarını əsaslandırıb.
Arena.az xatırladır ki, daha əvvəl mətbuatda, “Milan”ın Moratanın müqaviləsindəki 13 milyon avro məbləğində təzminat haqqını “döşəkçilər”ə ödəməyə hazır olduğu barədə məlumat yayılıb.
“Mən mövsümün başlamasını səbirsizliklə gözləyirəm. İndi məzuniyyətə gedirəm, çünki mənə çox kömək etmiş ailəmin yanında olmaq gərəkdir, başqa halda mövsümə elə, sabahdan başlayardım. Zlatan İbrahimoviçin, komandanın və məşqçinin etimadı məni əmin etdi” – “Sky Sports” dərgisi Moratadan sitat gətirir.
Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib. Moratanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.
Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 80 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.


