Madrid “Atletiko”sunun hücumçusu Alvaro Morata UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xatırladaq ki, Alvaro Morata doğma meydanda “Feyenoord”u (Niderland) 3:2 hesabıyla yendikləri matçda dubla imza atmışdı. Nəticədə o, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğuda qalib olub və həftənin oyunçusu seçilib.
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçusu adına Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Cud Bellingem (“Real”, İspaniya) və Bruma (“Braqa”, Portuqaliya) da namizəd idi.
Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları məlum olub. Avroliqada Praqa “Slaviya”sının (Çexiya) hücumçusu Moymir Xıtil ən yaxşı elan edilib. O, bu ada digər namizədlər – Matteo Rucceri (“Atalanta”, İtaliya), Andrea Belotti (“Roma”, İtaliya) və Lukas Paketanı (“Vest Hem”, İngiltərə) geridə qoyub.
Xatırladaq ki, Moymir Xıtil “Slaviya”nın Moldova “Şerif”ini 6 cavabsız qolla məğlub etdiyi ev oyununda 2 qol vurub, 1 məhsuldar ötürmə etmişdi.
Avropa Konfrans Liqasında isə həftənin oyunçusu adına Benjamin Nüqren (“Nordsyelland”, Danimarka) layiq görülüb. O, Bolqarıstanın “Ludoqorets” komandasına 7:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atmışdı.
Avropa Konfrans Liqasında həftənin oyunçusu adına digər namizədlər bunlar idi: Vensan Abubakar (“Beşiktaş”, Türkiyə), Coşua Kinq (“Fənərbaxça”, Türkiyə), Tarik Tissudali (“Gent”, Belçika).
Avrokuboklarda qrup mərhələsinin 3-cü turunun oyunları 24, 25 və 26 oktyabrda keçiriləcək.


