Alvaro Morata peşmandır: “Əgər mən bilsəydim…”

“Milan”dan icarə əsasında “Qalatasaray”da çıxış edən ispaniyalı mərkəz hücumçusu Alvaro Morata peşmanlığını dilə gətirib.

Arena.az “El Larguero” dərgisinə istinadən məlumat verir ki, Morata əvvəllər çıxış etdiyi Madrid “Atletiko”sundan ayrıldığına peşman olduğunu etiraf edib:

“Əgər keçmişə qayıda bilsəydim, mən Madrid “Atletiko”sunu heç vaxt tərk etməzdim. Ötən yay mən hər şeyi daha əsaslı götür-qoy etməli idim, indi isə vəziyyəti dəyişməyin mənası yoxdur. Bütün bu fəsad məni AÇ-2024 vaxtı narahat edirdi.

“Atletiko” azarkeşlərinə, orada keçirdiyim vaxt müqabilində təşəkkürümü bildirmək istəyirəm. Mən “Atletiko”nun futbol köynəyi üçün həmişə bütün gücümü verməyə çalışmışam. Mən onlara daha çox qənimət qazanmaları üçün kömək etmək istərdim. Məni hər tərəfdən tənqidə tutsalar da, mən “Atletiko”nu müdafiə etməyə çalışıram. Amma mən klubun pərəstişkarıyam və “qırmızı-ağların” mümkün olduqca qalib gəlmələrini istəyirəm”, deyə Morata vurğulayıb.

Xatırladaq ki, Morata “Qalatasaray”la müddəti 2026-cı ilin yanvar ayının 20-nə qədər qüvvədə olacaq icarə müqaviləsi imzalayıb. Türkiyə nəhəngi bu keçidə 6 milyon avro məbləğində xərc çəkib. Müqavilə 2026-cı ilin sonuna qədər müddətə uzadılması və həmçinin futbolçunun müvafiq istək əsasında satın alınması şərtlərini ehtiva edir.

Alvaro Morata 2024-cü ilin iyul ayında Madrid “Atletiko”sundan ayrılaraq “Milan”a keçib. Moratanın “rossoneri”nin düşərgəsinə keçidi “Milan”a 13 milyon avro məbləğində başa gəlib. İspan futbolçu “Milan”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Alvaro Moratanın “döşəkçilər”in heyətində çıxışının ümumi mənzərəsi 154 oyun, 58 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Cari mövsümdə Morata “Milan”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Qalatasaray” üçün isə Morata 6 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Morata Madrid “Atletiko”sunun yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 84 oyuna 37 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Morata ötən il İspaniya yığması ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan hücumçunun transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: