“Milan” və İspaniya yığmasının hücumçusu Alvaro Morata Madrid “Atletiko”sundan ayrılması və AÇ-2024 öncəsi yaşadığı ağır duyğuları paylaşıb.
Arena.az COPE dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:
“Depressiya və ya təlaş hücumları kimi çətin dövrlərdən keçdiyiniz zaman içinizdəki başqa bir mənliklə döyüşürsünüz və bu, hər gecə baş verə bilər. Özüm üçün İspaniyadan ayrılmaq haqda vacib bir qərar verdim, çünki nəhayət bu vəziyyətin öhdəsindən gələ bilməyəcəyim nöqtəyə varmışdım. Avropa çempionatı başlamazdan üç ay əvvəl futbola qayıda biləcəyimi bilmirdim. Mənimlə nə baş verdiyini anlamaq qabiliyyətini itirmişdim. Elə vaxtlar olub ki, butslarımdakı bağları bağlamaq belə çətin olub”, deyə Morata xatırlayıb.
Xatırladaq ki, Alvaro Morata bu ilin yayında, iyulda Madrid “Atletiko”sundan ayrılaraq “Milan”a keçib. Moratanın “rossoneri”nin düşərgəsinə keçidi “Milan”a 13 milyon avro məbləğində başa gəlib. İspan futbolçu “Milan”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.
Cari mövsümdə Morata “Milan”ın heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.
Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 80 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Morata bu il İspaniya yığması ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.


