Futbol üzrə İspaniya millisinin sabiq hücumçusu, bu qış fasiləsində “Kadis”dən ayrılan Alvaro Neqredo özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bundan sonra “Real Valyadolid” komandasının formasını geyinəcək.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Təcrübəli oyunçu ilə bu mövsümün sonunadək nəzərdə tutulmuş 6 aylıq müqavilə imzalanıb. O, yeni komandasına azad agent kimi keçib.
Xatırladaq ki, Neqredo 2020-ci ilin avqust ayından “Kadis”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 105 oyuna çıxıb, 20 qol vurub, 11 məhsuldar ötürmə edib.
Alvaro karyerası ərzində “Sevilya”, “Valensiya”, “Almeriya”, “Mançester Siti”, “Beşiktaş”, “Əl-Nəsr”, “Midlsbro”, “Rayo Valyekano” kimi klubların da formasını tərlədib.
Alvaro Neqredo 2009-cu ildə debüt etdiyi İspaniya milli komandasında da 21 oyuna çıxıb, 10 qol vurub.
“Transfermarkt” internet-portalı 38 yaşlı ispan hücumçunun transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.


