Alvaro Odriosola “Real”a 32 milyona gəlmişdi, 3 milyona satıldı

Futbol üzrə İspaniya milli komandasının və Madrid “Real”ının sağ cinah müdafiəçisi Alvaro Odriosola “Real Sosyedad”a keçib.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu 5 illik fasilədən sonra sabiq klubuna qayıdıb.

O, “Real Sosyedad”la 6 illik müqavilə bağlayıb. Madrid “Real”ı bu satışdan cəmi 3 milyon avro qazanıb. Halbuki, paytaxt klubu 2018-ci ildə Alvaronu heyətinə qatmaq üçün “Real Sosyedad”a 32 milyon avro ödəmişdi.

Odriosola vaxtilə “Real Sosyedad”da 57 oyun keçirib, 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real” karyerası isə 49 oyun, 3 qol və 10 assistdən ibarət olub. Madrid klubu onun 2020-ci ildə Almaniya çempionu “Bayern”ə, 2021/2022 mövsümündə isə “Fiorentina”ya icarəyə verib.

Alvaro Odriosola 2017-ci ildə debüt etdiyi İspaniya yığmasında da 4 oyun keçirib. Müdafiəçi bu oyunlarda hətta bir qol da vurub.

“Kadis” və “Alaves”də yayın son transferləri

“Real Sosyedad” hücumameyilli yarımmüdafiəçisi Roberto Navarronu da “Kadis”ə icarəyə verib. 21 yaşlı ispan mövsümün sonuna kimi icarədə olacaq. “Monako”nun yetirməsi “Real Sosyedad”da 34 oyuna 6 qol və 2 assist müəllifi olub, İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

“Kadis” Fransanın “Trua” klubunun yarımmüdafiəçisi Rominik Kuameni də heyətinə qatıb. Mali yığmasının da üzvü olan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. La Liqa klubu bu transferə görə 2,5 milyon avrosundan keçib.

“Kadis” hücumçusu Milutin Osmayiçi də “Preston”a satıb. Klub Monteneqro yığmasının da üzvü olan 24 yaşlı forvardın satışından 2,5 milyon avro qazanıb. İspaniya təmsilçisinin dayaq yarımmüdafiəçisi Yuba Diarra isə bu mövsümün sonuna kimi icarə əsasında “Asteras”da çıxış edəcək.

Odriosolanı heyətinə qatan “Real Sosyedad” daha iki gənc futbolçusunu – Xon Karrikaburunu (20 yaş) və Aleks Solanı (24 yaş) da “Alaves”ə icarəyə verib. Hər iki futbolçu mövsümün sonuna kimi La Liqanın digər klubunda forma geyinəcək. Karrikaburu hücumçu, Sola sağ cinah müdafiəçisidir.

Yeri gəlmişkən, “Alaves” Şotlandiyanın “Reyncers” klubundan Yanis Hacini də icarəyə götürüb. Əfsanəvi rumın futbolçu Georgi Hacinin oğlu da mövsümün sonuna kimi İspaniya klubunda forma geyinəcək. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Rumıniya yığmasında da forma geyinir.

“Alaves” “Talyeres” klubunun sağ cinah müdafiəçisi Nahuel Tenalyanı da transfer edib. La Liqa klubu bu keçidə görə qarşı tərəfə 1 milyon avro ödəyib. Argentinadan olan 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Alaves”in hücumçuları Migel de la FuenteMamadu Silla isə komandanı tərk ediblər. 24 yaşlı ispan Migel icarə əsasında “Leqanes”ə keçib. 29 yaşlı seneqallı Silla isə “Valyadolid”lə 1 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: