Amin Adli “Bornmut”da – 21 milyon avroluq transfer

Mərakeş milli komandasının və Almaniyanın “Bayer” klubunun vingeri Amin Adli bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

25 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb. “Bornmut” bu transfer üçün “Bayer”ə 21 milyon avro ödəyib.

Fransada dünyaya göz açmış Amin Adli peşəkar karyerasına bu ölkənin “Tuluza” klubunda başlayıb. “Bayer” onu 2021-ci ildə 7,5 milyon avro müqabilində heyətinə qatmışdı. Sağ vinger kimi çıxış edən futbolçu Bundesliqa təmsilçisinin heyətində 143 oyun keçirib, 23 qol və 25 məhsuldar ötürmə müəllifi olub.

Fransanın U-18 və U-21 yığmalarında oynamış Adli sonradan fikrini dəyişərək Mərakeş millisində çıxış etməyə başlayıb. O, 2023-cü ildə debüt etdiyi Mərakeş yığmasının heyətində 15 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: