Fransanın “Reyms” klubunun mərkəz yarımmüdafiəçisi Amir Riçardson bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Florensiyalılar bu transfer üçün Liqa 1 təmsilçisinə 9 milyon avro ödəyiblər. 22 yaşlı mərakeşli futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Amir Riçardson Fransanın “Havr” klubunun yetirməsidir. “Reyms” onu 2022-ci ilin avqustunda 2 milyon avro müqabilində heyətinə qatmışdı. Gənc yarımmüdafiəçi “Havr”da 69 (3 qol, 5 assist), “Reyms”də 28 (3 qol, 1 assist) keçirib.
Fransanın U-20 yığmasında da oynamış Riçardson, sonradan Mərakeşin U-23 və Olimpiya yığmalarının şərəfini qorumağa başlayıb. O, 2023-cü ilin sentyabr ayından Mərakeşin əsas millisində çıxış edir. Yığmada 7 oyun keçirmiş futbolçunun məhsuldar göstəricisi yoxdur.
“Reyms”in sağ cinah müdafiəçisi Tomas Foket də Belçikanın “Anderlext” klubuna keçib. 29 yaşlı belçikalı futbolçu yeni klubuna azad agent kimi qoşulub. O, “Anderlext”lə 3 illik sözləşməyə imza atıb.
Tomas Foket peşəkar karyerasına Belçikanın “Gent” klubunda başlayıb. “Ostende”də də forma geyinmiş müdafiəçi, “Reyms”ə 2018-ci ilin avqust ayında 3,5 milyon avro qarşılığında keçmişdi. O, Liqa 1 təmsilçisinin heyətində 189 oyun keçirib, 1 qol və 8 assistlə yadda qalıb.
Foket Belçikanın U-18, U-19 və U-21 yığmalarında oynayıb. 2016-cı ilin noyabr ayında əsas millidə debüt etmiş futbolçu, Belçika yığmasında 10 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.