Futbol üzrə Yunanıstan millisinin hücumameyilli yarımmüdafiəçisi Anastasios Bakasetas Türkiyənin “Trabzonspor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Yunanıstanın “Panatinaikos” klubuna satılıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Trabzon təmsilçisi onun satışından 1 milyon avro gəlir əldə edib. Bakasetas Yunanıstan klubu ilə 3,5 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Panatinaikos”u türkiyəli məşhur mütəxəssis Fatih Terim çalışdırır. Bakasetası Türkiyədəki çıxışından yaxşı tanıyan təcrübəli mütəxəssis onu komandasında görmək istəyib.
Anastasios Bakasetas “Trabzonspor”a 2021-ci ilin yanvarında Türkiyənin digər klubu “Alanyaspor”dan 3 milyon avro qarşılığında keçmişdi. O, Super Liqa təmsilçisində 122 oyuna çıxıb, 33 qol vurub, 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli yarımmüdafiəçi əvvəllər “Alanyaspor”dan başqa AEK (Afina), “Asteras”, “Panionios”, “Aris” (Saloniki) və “Trasivulos” kimi komandaların da formasını geyinib. O, 2016-cı ilin iyununda debüt etdiyi, hazırda kapitanı olduğu Yunanıstan yığmasında 63 oyun keçirib, 13 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Yeri gəlmişkən, bir neçə gün öncə “Trabzonspor”dan azad agent kimi ayrılmış Danimarka milli komandasının da üzvü olan sağ cinah müdafiəçisi Yens Larsenin yeni iş yeri müəyyənləşib. 32 yaşlı futbolçu “Malmö”yə keçib. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Yens Larsen 2022-ci ilin yayında İtaliyanın “Udineze” klubundan “Trabzonspor”a keçmişdi. O, bu mövsüm 17 matçda iştirak edib, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Ümumilikdə isə “Trabzonspor” forması ilə 62 oyuna çıxmış danimarkalı, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Larsen karyerası ərzində “Udineze”, “Brondbü”, “Austriya” (Vyana), “Nordsyelland” kimi klubların da formasını geyinib. Təcrübəli müdafiəçi 2016-cı ilin avqust ayında debüt etdiyi Danimarka milli komandasında 54 oyun keçirib, 3 qol vurub.



