Anatoli Nuriyev: “Milliyə faydalı olacağıma ümid edirəm”

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Anatoli Nuriyev Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətərlə yoldşlıq oyunu öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Ukraynanın “Minay” klubunun formasını geyinən futbolçu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Çox şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm və qısa müddət ərzində mənə millinin heyətində debüt etmək də qismət oldu. Azərbaycan mənim əcdadlarımın vətənidir. Atamın babası və babam Azərbaycanda anadan olub, bu ölkədə yaşayıblar və babam sonradan Ukraynaya köçüb.

Hələ birinci liqada çıxış etdiyim dövrdə millidə çıxış etməklə bağlı mənimlə əlaqə saxlanılmışdı. Türkiyədə təlim-məşq toplanışında olduğum dövrdə millinin baş məşqçisinin oyunumu izləməyə gəlməsi qərar verməyimdə əhəmiyyətli rol oynadı. Millimizə faydalı ola biləcəyimə ümid edirəm.

Əlbəttə, ilk növbədə millinin heyətində öz yerimi möhkəmləndirməliyəm. Buna nail olacağım təqdirdə daha çox çalışmaq və komandanın aparıcı üzvlərindən birinə çevrilmək barədə düşünmək olar”.

Anatoli Nuriyev qarşıdakı iki oyun üçün uğurlu nəticəyə ümid etdiklərini bildirib:

“Qarşıda daha iki oyunumuz var. Hər iki qarşılaşmaya ciddi hazırlaşmalı və uğurlu nəticə qazanmalıyıq. Ümidvaram ki, məqsədimizə çata biləcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: