Ançelotti: “Modriç az oyun vaxtı aldığına görə narazıdır”

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti komandanın xorvat yarımmüdafiəçisi Luka Modriçlə bağlı yaranmış vəziyyəti şərh edib.

Arena.az “90min” portalına istinadən Ançelottinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Modriç narazıdır, çünki çox oyun vaxtı almır. Amma o, çox köklənib və həmişə komandaya kömək etmək istəyir. O, bizim komandamızda, paltardəyişmə otağında fövqəladə vacib rol oynayır.

Biz Lukanı sevirik. Futbolçular Lukanı sevirlər. Biz hamımız Lukanı sevirik. Qış transfer pəncərəsində onun komandanı tərk etmək imkanı yoxdur. O, klubdan getmək istəmir.

Luka özünü vacib oyunçu hesab edir – elə, biz də belə düşünürük. Buna görə də o, “Real” üçün vacib oyunçudur. Onun bizimlə olmasına çox şadıq”, – Ançelotti bildirib.

Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro qarşılığında “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran Luka Modriç yenicə başlamış cari mövsümdə “Real”ın heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Maraq üçün bildirək ki, xorvat yarımmüdafiəçi ötən mövsüm 52 oyuna çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 495 oyun, 37 qol, 77 məhsuldar ötürmə.

Modriçin “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümükün əsas klub turnirlərində qalib olub. Onun “Real”la qazandığı 23 qənimətə 5 Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Modriç kapitanı olduğu Xorvartiya yığmasında 168 oyuna 24 qol vurub, 27 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı Luka Modriçi 10 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Real”da az oyun vaxtı almasını Modriç açıq surətdə narazılıqla ifadə etmiş, nəticədə Lukanın gələn ilin yanvarında MLS təmsilçisi “İnter Mayami”də Lionel Messiyə komanda yoldaşı olacağı haqda şayiələr yayılmağa başlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: