“Real”ın baş məşqçisi Karlo Ançelotti həmkarı Xavinin “Barselona”nın baş məşqçisi vəzifəsindən qovulması ehtimalına münasibətini açıqlayıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Xaviyə böyük hörmətim var. Mən ona həm məşqçi, həm də insan kimi hörmət edirəm. O, “Barselona”da əla iş görüb. Ona gələcək üçün ən yaxşısını arzulayıram”, deyə Ançelotti vurğulayıb.
Qeyd edək ki, bu gün – mayın 20-də “Barselona”nın baş məşqçisi Xavi ilə Kataloniya klubunun prezidenti Joan Laporta arasında ispan mütəxəssisin klubdakı gələcəyini müəyyənləşdirəcək görüşün keçirilməsi planlaşdırılır. Görüşdə “Barselona”nın idman direktoru Deku və Kataloniya klubunun prezidentinin etibarlı adamı Alexandro Eçevarriyanın da iştirak edəcəyi gözlənilir.
İddiaya görə, “Barselona” idarə heyətinin bir qismi Xavinin klubdan ayrılmasının tərəfdarıdır. Hətta klub rəhbərliyinin ispan mütəxəssisin yerinə üç namizədi nəzərdən keçirdiyi də qeyd olunur. Xavinin yerinə klub rəhbərliyinin əsas seçimləri “Bayern”in keçmiş baş məşqçisi, alman mütəxəssis Hansi Flik, “blauqrana”nın ikinci komandasını çalışdıran meksikalı mütəxəssis, Rafael Markes və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına başçılıq edən argentinalı mütəxəssis Marselo Qalyardodur. “Barselona” rəhbərliyinin Marselo Qalyardonu daha çox bəyəndiyi vurğulanır.
Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 141 oyun keçirib. “Blauqrana” bu oyunlarda 89 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 277:157 nisbətindədir.
2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 37 turundan sonra 82 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


