Ançelotti: “Yalnız Ramosun sayəsində bu gün “Real”dayam”

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti komandanın sabiq müdafiəçisi, hazırda “Sevilya”da çıxış edən Serxio Ramos haqda danışıb.

Arena.az ESPN portalına istinadən Ançelottinin bu barədə fikirlərini təqdim edir:

“Mən Serxionu görmək və ona salam vermək istərdim. Sahib olduğum bütün oyunçulara, xüsusən də ona bağlılığım var. Bu gün buradayamsa, bu, yalnız Serxio Ramosun sayəsindədir.

O, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalında qol vurmasaydı, yəqin ki, burada olmazdım.

Buna və bu klub üçün etdiyi hər şeyə görə hamı onu çox sevir. Ümid edək ki, o, bizə qarşı qol vurmayacaq, amma vurarsa, istədiyi kimi qeyd edə bilər”, deyə Ançelotti bildirib.

Bu gün, oktyabrın 21-də İspaniya çempionatının 10-cu turu oyunu çərçivəsində “Real” səfərdə “Sevilya”nın qonağı olacaq. “Real” 9 oyundan 24 xalla La Liqanın lideridir. Avropa Liqasının cari çempionu “Sevilya” isə mövsümə uğursuz başlayıb və 8 turdan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, daha əvvəl, Serxio Ramos “Real”a qol vuracağı halda, bunu xüsusi bir şəkildə qeyd etməyəcəyini bildirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: