Andoni İraola – “Bornmut”in yeni baş məşqçisi

Ötən gün baş məşqçisi Qari O’Nil ilə yollarını ayırdığını açıqlayan “Bornmut”u yeni mövsümdən Andoni İraola çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İspaniyadan olan 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Andoni İraola 2020-ci ildən İspaniyanın “Rayo Valyekano” komandasının baş məşqçisi postunda çalışırdı. O, La Liqa təmsilçisi ilə müddəti bu ayın sonunda bitəcək müqaviləsini yeniləməyib. Bu üzdən də azad agent kimi “Bornmut”la sözləşmə imzalayıb. “Rayo Valyekano” bu mütəxəssisin rəhbərliyi altında 136 oyun keçirib, 56 qələbə qazanıb, 30 heç-heçə edib və 50 məğlubiyyətə üzülüb. İraola daha öncə “Mirandes” və AEK (Larnaka) klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

“Bornmut”a 2022-ci ilin noyabrından Qari O’Nil başçılıq edirdi. O, daha öncə bu komandada köməkçi məşqçi və baş məşqçi əvəzi kimi də çalışıb. Gənc mütəxəssis “Bornmut”u bütövlükdə 37 oyuna çıxarıb. Bu oyunlarda 11 qələbə qazanıb, 6 heç-heçə etmiş komanda 20 məğlubiyyətə üzülüb. 40 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddəti bu ayın 30-da başa çatırdı. Klub onunla sözləşməni yeniləmək istəməyib. “Bornmut” ingilis mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Bornmut” geridə qalmış 2022/2023 mövsümünü 39 xalla 15-ci pillədə başa vurub. Komanda Premyer Liqadakı yerini qorusa da, bu nəticə klub rəhbərliyini qane etməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: