Andrea Bertolaççi Super Liqada klubunu dəyişdi

Futbol üzrə İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Bertolaççi Türkiyənin “Fatih Karagümrük” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu karyerasını Türkiyənin digər klubu “Kayserispor”da davam etdirəcək. Bu barədə sözügedən klubun prezidenti Berna Gözbaşı yerli mətbuata açıqlama verib. O, italiyalı futbolçu ilə bütün məsələlərdə razılığa gəldiklərini bəyan edib. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Bertolaççi yeni klubu ilə 2.5 illik müqavilə bağlayacaq. Onun “Fatih Karagümrük”dən ayrılmasının bir neçə gün öncə Françesko Fariolinin bu komandanın baş məşqçi postundan istefaya göndərilməsi ilə bağlı olduğu ehtimal edilir. İtaliyalı məşqçi də bu klubdan ayrıldıqdan sonra “Alanyaspor”la müqavilə bağlayıb.

Andrea Bertolaççi 2020-ci ilin dekabrından “Fatih Karagümrük”də forma geyinirdi. O, bu mövsüm Türkiyə Super Liqasında meydana çıxdığı 15 oyunda 7 qola imza atıb.

İtaliyanın “Roma” klubunun yetirməsi olan Bertolaççi, karyerası ərzində “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”da forma geyinib. O, İtaliya yığmasında 5 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: