Futbol üzrə Ukrayna millisinin qapıçısı Andrey Lunin komandasının Avropa çempionatındakı (AÇ-2024) çıxışını qiymətləndirib.
Arena.az ukraynalı qapıçının bu barədə fikirlərini təqdim edir:
“Biz insanlara yarışın final hissəsinin ələmə mərhələsinə çıxmaq sevincini yaşatmaq istəyirdik. Bunun baş verməməsinə çox təəssüflənirik, çünki ikinci və üçüncü oyunlarda göstərdiyimiz futbolla daha çoxuna layiq idik”, deyə Lunin bildirib.
Xatırladaq ki, Ukrayna millisi Rumıniya (0:3), Slovakiya (2:1) və Belçika (0:0) yığmaları ilə “E” qrupunda mübarizə aparıb. Sözügedən komanda qazandığı 4 xalla qrup mərhələsini 4-cü pillədə başa vuraraq, mübarizəsinə xitam verib.
Vurğulayaq ki, bu qrupda bütün komandalar 4 xal topalayıblar – Rumıniya, Belçika və Slovakiya yığmaları isə ələmə mərhələsinə – 1/8 finala yüksəliblər.
Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. O, karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Onun “Real” karyerası bütövlükdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” matçdan ibarətdir.
Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


