“Real”ın ukraynalı qapıçısı Andrey Lunin gələn mövsüm “qaymaqlılar”ın heyətində oynamağa davam edib-etməyəcəyi haqda sualı cavablayıb.
Arena.az xəbər verir ki, Luninin cavabında gerçək mənzərədən yayınma hiss edilib:
“Görərik. İntizar o qədər də uzun deyil. Mən qalmaq istərdimmi? Bu, göz qabağındadır, amma deyə biləcəyim yeganə məqam odur ki, “Real” ilə hər şey qaydasındadır. İndi hər şey klubun əlindədir. Gələcəyimlə bağlı daha heç nə deyə bilmərəm”, deyə Lunin vurğulayıb.
Xatırladaq ki, Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. O, karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Onun “Real” karyerası bütövlükdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” matçdan ibarətdir.
Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


