“Ankaragücü” Cokanoviç və Milsonla gücləndi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” klubu heyətini yeni oyunçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Pari” klubundan Felisio Milsonu, Bosniya və Herseqovinanın “Sarayevo” komandasından isə Andrey Cokanoviçi transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Felisio Milson Nijni Novqorod təmsilçisindən bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 6 aylıq icarə üçün Rusiya klubuna 100 min avro ödəniləcək. Futbolçunun birdəfəlik transferi üçün isə yayda daha 700 min avro ödəmək lazımdır. Milsonun “Pari” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

“Ankarügücü” Andrey Cokanoviçi isə transfer hüquqlarıyla birgə alıb. Super Liqa təmsilçisi bunun üçün “Sarayevo”ya 760 min avro ödəyib. Bosniyadan olan 21 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.

Andrey Cokanoviç “Sarayevo”nun öz yetirməsidir. O, 2019-cu ildən formasını geyindiyi əsas komandada 118 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bosniya və Herseqovinanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış dayaq yarımmüdafiəçisi əsas millidə 2 oyun keçirib.

Anqoladan olan Felisio Milson isə Portuqaliyanın “Maritimo” klubunun yetirməsidir. O, “Pari”yə 2022-ci ilin fevral ayında transfer olunub. 23 yaşlı yarımmüdafiəçi Rusiya təmsilçisində 29 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Futbolçu Anqola yığmasında da 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: