2022-ci ilin yanvarından “Ayntraxt”da icarədə olan “Borussiya”nın hücumçusu Ansqar Knauff Dortmund klubuna qayıtmayacaq.
Arena.az xəbər verir ki, Frankfurt təmsilçisi 21 yaşlı alman forvardın transfer hüquqlarını da alıb. Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Ayntraxt” bu transfer üçün “Borussiya”ya 5 milyon avro ödəyəcək. Gənc hücumçu ilə müqavilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Knauff geridə qalan mövsümdə “Ayntraxt”ın heyətində meydana çıxdığı 33 oyunda 1 qol və 3 assistlə yadda qalıb. O, Frankfurt təmsilçisində bütövlükdə 52 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Ansqar Knauff Dortmund “Borussiya”sının yetirməsidir. O, sözügedən klubun əsas komandasında da 16 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. Daha öncə U-19 və U-20-də də oynamış hücumçu hazırda Almaniyanın U-21 yığmasında çıxış edir.

“Ayntraxt” müdafiəçisi Evan Ndika ilə də yollarını ayırmağa qərar verib. Fransadan olan 23 yaşlı futbolçunun bu ayın sonuna qədər olan müqaviləsinin müddəti artırılmayıb. Bu üzdən də o, azad agent kimi istədiyi kluba keçə biləcək.
Evan Ndika “Ayntraxt”a 2018-ci ildə Fransanın “Oser” klubundan 5,5 milyon avro qarşılığına gəlmişdi. Mərkəz müdafiəçisi Bundesliqa təmsilçisinin heyətində bütövlükdə 183 oyun keçirib. O, bu oyunlarda 12 qol və 10 məhsuldar ötürmə ilə də yadda qalıb. Fransız daha öncə “Oser”in əsas komandasında da 16 oyun keçirib, 1 assistə imza atıb.



